ABŞ Orta Asiyada Türkiyəni də rəqib kimi görür – Təhlil

 ABŞ Orta Asiyada Türkiyəni də rəqib kimi görür –  Təhlil
Orta Asiya təbii qaz, neft kimi vacib enerji qaynaqlarına və digər təbii sərvətlərə malik olmaqla yanaşı həm də geostrateji baxımdan vacib bölgədir. Məhz bu səbəbdən Orta Asiya dünyanın və regionun böyük dövlətləri arasında rəqabət arenasıdır. SSRİ-nin dağılmasından sonra Orta Asiya uğrunda böyük dövlətlərin - Rusiya, ABŞ, Avropa İttifaqı ölkələri, Çin və Yaponiyanın mübarizəsi başladı. Bu mübarizədə Türkiyə də iştirak edirdi. Bu yazıda da elə Türkiyənin Orta Asiya siyasətindən bəhs edəcəyik.

Türkiyənin Orta Asiyaya yönəlik siyasətini zaman etibarilə iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-2001-ci, ikinci mərhələ isə 2002-ci ildən sonrakı illəri əhatə edir.

1990-cı illərin əvvəllərindən etibarən Orta Asiyanın yeni müstəqil dövlətləri, xüsusilə türk respublikaları ilə əlaqələr Türkiyənin xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildi. Bunun da bir neçə ciddi səbəbləri vardı: əvvəla,Türkiyə ilə Orta Asiya dövlətlərini sıx tarixi ənənələr bağlayırdı və həmin ənənələr ilk növbədə, dil və din birliyinə söykənirdi. Digər tərəfdən, Orta Asiya dövlətləri ilə sıx əlaqələrin qurulması Türkiyənin öz Avrasiyaçı maraqlarına da tam uyğun idi: bu, həm ümumi olaraq Mərkəzi Asiyada Ankaranın mövqeyinin gücləndirilməsi, həm də Avropa dövlətlərinin nəzərində Türkiyənin dünyəvi, demokratik, liberal iqtisadiyyatı olan ölkə kimi nüfuzunun yüksəldilməsi məqsədini güdürdü.

“Soyuq müharibə”nin başa çatmasından keçən müddət ərzində Türkiyə Qərbə Ön Asiya bölgəsində vasitəçi rol oynaya biləcəyini sübut edə bildi.

Bu əlaqələr ilk olaraq rəsmi səfərlər səviyyəsində başlamışdır. Artıq 1991-ci ilin sonlarından başlayaraq Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan respublikalarının prezidentlərinin Türkiyəyə rəsmi səfərləri baş tutur, bu səfərlər nəticəsində siyasət, iqtisadiyyat, ticarət, nəqliyyat, kadr hazırlığı sahələrində əməkdaşlığa dair sazişlər imzalanır. Birbaşa siyasi əlaqələrin qurulması, yüksək səviyyədə səfərlər (o cümlədən Türkiyənin o zamankı baş naziri Süleyman Dəmirəlin Orta Asiya respublikalarına 1992-ci ilin mayında səfəri) iki və çoxtərəfli əlaqələrin genişlənməsinə imkan yaratdı.
.
Bu illərdə Türkiyənin iş adamları bölgədə biznes üçün böyük imkanlar olduğunu anladı və bura Türkiyə istehsalı olan malların ixracını artırırdı. Dövlət xətti ilə ticarət-iqtisadi münasibətlərin qurulması ilə yanaşı, bölgəyə etnik və dini birliyə əsaslanan geniş miqyaslı mədəni nüfuz da başlandı. Türkiyənin və Orta Asiya respublikalarının mədəniyyət və elm xadimlərinin əməkdaşlığı, tələbə mübadiləsi artıq bu dövrdən etibarən genişləndi.

Bu dövrdə Türkiyənin istər Qafqazın, istərsə də Orta Asiyanın yeni müstəqil dövlətləri ilə əlaqələrinin genişlənməsində birbaşa ikitərəfli münasibətlərlə yanaşı, müxtəlif regional təşkilatlarda birgə əməkdaşlığı da böyük rol oynayır. Bu təşkilatlar əsasən aşağıdakılardan ibarətdir: 1992-ci ildə yaradılan Türkdilli Dövlətlər Birliyi

Türkiyənin həm Qafqazın, həm Orta Asiyanın türk dövlətləri ilə iqtisadiyyat, ticarət, ekologiya, elm və təhsil, mədəniyyət sahələrində əməkdaşlığını nəzərdə tuturdu. 1992- ci ilin oktyabrında Türkdilli Dövlətlər Birliyinin Ankarada keçirilmiş ilk zirvə toplantısında da bu əməkdaşlığı nəzərdə tutan əhəmiyyətli qərarlar qəbul edildi.

Bu təşkilat Orta Asiya respublikaları ilə siyasi və iqtisadi əlaqələrdə Türkiyə üçün əhəmiyyətli rol oynadı.

Bu mərhələdə Türkiyənin Orta Asiya ölkələri ilə siyasi və mədəni əlaqələrinin daha bir ciddi uğuru – TÜRKSOY-un yaradılması oldu. Bu təşkilatın əsası 1992-ci ilin iyununda altı türkdilli dövlətin mədəniyyət nazirlərinin İstanbul toplantısında qoyulmuşdur: təsis olunduğu ilk dönəmdə Türkdilli Ölkələrin Mədəniyyət nazirlərinin

Daimi Şurası adlanan bu qurum 1992-ci ilin dekabrından etibarən TÜRKSOY adını alır.

1993-cü ilin iyulunda Türkiyə, Azərbaycan, həmçinin Orta Asiya respublikaları – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan TÜRKSOY-un yaradılması haqqında Saziş imzaladılar. Bu təşkilat UNESCO ilə də birbaşa əlaqələr qurdu və tezliklə türkdilli dövlətlərin və xalqların mədəni əməkdaşlığının aparıcı təşkilatlarından birinə çevrildi.

Orta Asiya respublikaları ilə əməkdaşlığın daha bir vacib istiqaməti İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO - Economic Cooperation Organization) çərçivəsində Türkiyənin bölgə dövlətləri ilə münasibətləri sayıla bilər. Təsadüfi deyil ki, ECO-nun toplantılarının bir qismi də elə Orta Asiyanın paytaxtlarında – Aşqabadda (1996 və 1997-ci illərdə) və Almatıda (1998-ci ildə) keçirildi.

Bu təşkilat bölgə dövlətlərini tərkibində ehtiva etməklə onların arasında iqtisadi, ticarət, enerji, nəqliyyat sahələrində əməkdaşlığı nəzərdə tutur.

Göründüyü kimi, 1990-cı illərin birinci yarısında Türkiyənin Orta Asiya respublikaları ilə sıx siyasi, mədəni əlaqələri qurulur və bu əlaqələri həyata keçirən bir neçə regional təşkilat da meydana gəlmişdi. Siyasi və mədəni əlaqələr

Türkiyənin bölgədə etnik və din birliyinə əsaslanan mövqeyinin gücləndirməsinə xidmət etmiş oldu. Lakin 1990-cı illərin ortalarından etibarən Türkiyənin Orta Asiya respublikaları ilə əlaqələri ümumbölgə xarakterli deyil, daha çox ikitərəfli xarakter daşıyırdı, bu da yeni yaranmış respublikaların xarici siyasətdə, o cümlədən Türkiyə ilə əlaqələrdə çox ehtiyatlı davranmaları, onların daha çox Rusiya ilə əlaqələrə üstünlük verməsi ilə bağlı idi.

Bu dönəmdə Türkiyənin Orta Asiyadakı siyasətinin daha bir özəlliyi onun buradakı fəaliyyətinin Amerika Birləşmiş Ştatlarının geosiyasi maraqları ilə uzlaşması idi. Bu mərhələdə ABŞ və Qərb dövlətləri Türkiyəni özlərinin Avrasiyadakı, ələlxüsus postsovet məkanındakı müttəfiqi olaraq görürdü və ona böyük ümidlər bağlayırdı. Bu səbəbdən də Türkiyənin bu bölgəyə siyasi və mədəni nüfuzuna xeyli sakit yanaşırdılar.

İkinci mərhələ isə qeyd eydiyimiz kimi, 2002-ci ildə AKP-nin Türkiyədə hakimiyyətə gəlməsi ilə başlayır. Və bu mərhələdə ABŞ-Türkiyə münasibətlərinin soyuqlaşması müşahidə olunur. Bu soyuqlaşma Orta Asiyada da özünü büruzə verir.

Ümumiyyətlə, Birləşmiş Ştatların Avrasiyadakı hadisələrə münasibəti tarixində indiyədək hələ elə bir geosiyasi presedent olmamışdır ki, 11 Sentyabr hadisələri qədər bu dövlətin bölgə siyasətinə ciddi təsir etmiş olsun. Üstəlik, nəzərə alsaq ki, bu təsir ABŞ və onun müttəfiqləri üçün bölgədə mövqelərini möhkəmlətmək üçün əlverişli bir şərait yaratmışdır, onda dünyadakı geosiyasi durumun məlum hadisələrdən sonra nə üçün bu qədər mürəkkəb səciyyə alması daha aydın olar.

Beynəlxalq terrorçuluğa və ekstremizmə qarşı mübarizə adı altında müttəfiq qüvvələri birləşdirən Birləşmiş Ştatlar istənilən iri dövlətin və heç şübhəsiz, Türkiyənin Orta Asiyada güclənməsi məsələsinə narahatlıqla yanaşır.

Bu dövrdən etibarən Türkiyə üçün Orta Asiyada ciddi problemlər yaradan məsələ də ilk növbədə, ABŞ-ın uzun müddətə nəzərdə tutulmuş qlobal liderlik planlarının Mərkəzi Aiyada özünü daha güclü büruzə verməsi ilə bağlıdır. Vaşinqton beynəlxalq sabitlik kontekstində Mərkəzi Asiyanın təhlükəsizlik problemlərinin artan əhəmiyyətini yaxşı anlayır və Orta Asiya respublikaları ilə də buna müvafiq münasibətlər qurur. Başqa sözlə, Türkiyənin Orta Asiya bölgəsindəki vasitəçi rolunun ABŞ üçün artıq böyük əhəmiyyət kəsb etməməsi fikri yaranır. Hətta həmin illərdə Amerika mətbuatında belə bir mülahizə irəli sürüldü ki, Birləşmiş Ştatların Türkiyə vasitəsilə Orta Asiya respublikaları ilə əlaqələr yaratmaq planlarında dəyişiklik baş vermişdir və Vaşinqton indi həmin respublikalarla Türkiyənin vasitəsilə deyil, birbaşa, ikitərəfli münasibətlərə daha çox üstünlük verir.Amerikanın Orta Asiyadakı Türkiyənin planları ilə bağlı “laqeydliyi” də öz növbəsində ABŞ-Türkiyə münasibətlərini pisləşdirirdi.

Elə ötən ilin əvvəllərində ABŞ Dövlət katibi Mayk Pompeonun Qazaxıstan və Özbəkistana səfərləri də ABŞ-ın artıq Orta Asiyada Türkiyə ilə birgə deyil, region ölkələri ilə bibaşa əlaqələrə üstünlük verdiyini sübuta yetirdi. Pompeo bu səfərinin ardından Orta Asiya respublikalarının xarici işlər nazirləri ilə bir araya gəldi və ABŞ-ın Orta Asiya ilə bağlı Yeni Strateji Planını açıqladı ki, biz bu planda ABŞ-ın bölgə ilə bağlı siyasətində NATO-dakı müttəfiqi Türkiyənin kənarda saxlandığını açıq-aydın görürük.

Hazırda ABŞ bölgə ölkələri ilə iqtisadi işbirliyini artırmaqla əslində bir daşla iki quş vurmaq istəyir. Vaşinqton administrasiyası bölgədə nüfuzunu artırmaqla yanaşı, Rusiya, Türkiyə və Çinin Orta Asiya ölkələrinə təsirini azaltmağı planlaşdırır.

Son dövrlər ABŞ-ın bölgədə həyata keçirdiyi ikitərəfli görüşlərdən onun burada iqtisadi inteqrasiyanı gücləndirməyə çalışdığı aydın sezilir. Pompeonun “yalnız ABŞ-ın bölgədəki sərmayələri artdıqda gerçək inkişaf və iqtisadi yüksəliş yaranacağını” deməsi də bu baxımdan diqqəti çəkir.

ABŞ-ın Orta Asiya ölkələrinə ayırdığı 9 milyard dollardan artıq iqtisadi yardım, 50 milyard dolları aşan kredilər və texniki yardımlar, 31 milyard dollar həcmində ticarət sərmayəsi, 40 mindən artıq insana təhsil dəstəyi, mədəni və sosial layihələr, iqtisadi işbirliyinə yönəlik atılan adımların yalnız kiçik bir hissəsidir.

Və bütün bu layihələr Türkiyənin Orta Asiyada iqtisadi, sosial, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə alternativ kimi nəzərdən keçirilə bilər.

Beləliklə, ABŞ hazırda Orta Asiyada yalnız Rusiya və Çini deyil, NATO-da müttəfiqi olan Türkiyəni də öz rəqibləri sırasında görür.
Türkiyə üçün Orta Asiya ilə bağlı digər problem – bu bölgədə Rusiya, Çin, İran, Pakistan, Əfqanıstan kimi dövlətlərin də maraqlarının güclü olmasıdır.

Orta Asiyada son onillikdə bərqərar olmuş geosiyasi durum Türkiyəni bu bölgədə siyasi və iqtisadi mövqelərini nə yolla olursa olsun, qoruyub saxlamaq məcburiyyətində qoyur. Bunun üçün isə yalnız mədəniyyət sahəsində əməkdaşlıq, əlbəttə ki, kifayət sayıla bilməz. Bu səbəbdən, Türkiyə Orta Asiyanın yeni müstəqil respubliakaları ilə ən müxtəlif layihələrdə, o cümlədən, Şərq-Qərb enerji dəhlizi, “Böyük İpək Yolu” kimi əhəmiyyətli layihələrdə ən fəal şəkildə əməkdaşlıq etmək xəttini götürmüşdür.

Bu gün Orta Asiya geostrateji maraqların toqquşduğu, amma eyni zamanda transmilli layihələrin gerçəkləşdirildiyi bölgə olaraq həm Türkiyə üçün, həm digər iri dövlətlər üçün bəyük əhəmiyyətə malikdir və bu bölgənin dövlətləri ilə həm hərbi, həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əməkdaşlıq, bu əməkdaşlığı tərəfdaşlıq səviyyəsinə qaldırmaq Türkiyə ilə yanaşı, ABŞ-ın, Rusiyanın, Çini və İranın planlarında prioritetdir.

Şübhəsiz, bu mürəkkəb beynəlxalq vəziyyətdə Orta Asiya bölgədində sağlam durumu və sağlam rəqabəti qorumaq çox çətindir...