Anar sədr olaraq hansı fövqəladə işlər görüb ki, alternativi olmaya? - Yazarlardan Anarsevərlərə sərt reaksiya

 Anar sədr olaraq hansı fövqəladə işlər görüb ki, alternativi olmaya? -  Yazarlardan Anarsevərlərə sərt reaksiya
Qarşıdan AYB-nin növbəti qurultayı gəlir. 1987-ci ildən bəri (33 il) fasiləsiz olaraq bu quruma rəhbərlik edən Anarın ətrafındakı yazıçılar yenə də hazırda ictimai rəyə belə bir fikri təlqin etmək istəyirlər ki, bu postda onu əvəz edəcək başqa şəxs yoxdur.

Bəs, digər yazıçı və şairlərimiz necə düşünürlər: doğrudanmı, AYB sədri postuna Anardan başqa layiqli namizəd yoxdur? Varsa, o zaman onlar kimin AYB sədri seçilməsini istəyərdilər?

Respekt.az bu sualları bir sıra şair və yazıçılarımıza ünvanlayıb. Aşağıda onların cavablarını təqdim edirik:


Aqşin Yenisey:

- Bu alternativsizlik sindromu Stalindənqalma bir xəstəlikdir. Stalin bilirdi ki, siyasi büroda ən savadsız, küt adam özüdür və repressiyasız hakimiyyətdə qala bilməyəcək, ona görə də alternativlərini aradan götürür və ictimai fikirdə özünün alternativsiz rəhbər olduğu imicini yaradırdı. Alternativsizlik mühitini rəhbər şəxs özü yaradır və bu gün bu, utancverici bir idarəetmə üsuludur. Bu gün adi süpürgəçi də istəməli və səy göstərməlidir ki, alternativləri çox olsun.

Anarın alternativsizliyini yaradanlar AYB-nin imtiyazlarından, büdcəsindən qidalananlardı. Çünki bilirlər ki, Anardan başqa heç kim onlara yiyə durmayacaq. Heç bir iş görmədən ədəbiyyata ayrılan qayğıları mənimsəyirlər.

Ümumiyyətlə, özünü ədəbiyyat adamı hesab edən hər bir şəxs bu gün dövlət qarşısında məsələ qaldırmalıdır ki, Stalindən, Brejnevdən qalan bu cür müstəmləkə təşkilatları ləvğ olunsun. Bu cür qurumlar öz mahiyyətlərində həm də milli heysiyyata yönəlik repressiyaların, təqiblərin, sui-qəsdlərin ruhunu yaşadırlar. Bu gün hökumət təqaüd verir deyə Anarın masasının üstündə təqaüd alan şair və yazıçıların adı var, sabah hökumət bizi güllələmək istəsə, Anarın masasının üstündə güllələnəcək şair və yazıçıların adı olacaq.


Pərviz Cəbrayıl:

- 33 il, 33 yaş. İsa peyğəmbər bu yaşda çarmıxa çəkilib, indi də Anarı çarmıxa çəkirlər. Ancaq buna gərək yoxdur. Təkcə Anar yox, ümumiyyətlə, alternativsiz adam olmur. İndi bütün siyasi dünyada hakimiyyətdən dördəlli yapışma prosesi gedir və bu, görünür, artıq ədəbiyyata da sirayət edib.

Alternativsizlik məsələsinə qayıtsaq, üstəlik Anar sədr olaraq hansı fövqəladə işlər görüb ki, alternativi olmaya? İndi istənilən adamı, hətta həyatı boyu bir hekayə yazmış adamı ora sədr qoysan da (seçmək yox, məhz qoymaq), Anardan fərqli heç nə edə bilməyəcək və ya elə onun etdiklərini edəcək. Çünki o sistemin özü çürükdü, qarşısında hər hansı ali ədəbi qayə dayanmır, elə bir idealı da yoxdur bu qurumun.

AYB muzey eksponatı kimi bir şeydir, elə bəlkə hökumət sırf Anarın xətrinə bu muzeyi qoruyub saxlayır. Bir qurum kimi AYB heç də ədəbiyyatın yox, sadəcə hansısa miqdarda öz üzvlərinin qayğısına qalır. Halbuki bu, QHT məzmunlu bir qurumdur və bütövlükdə ədəbiyyata xidmət etməlidir. Bu qurumu maliyyələşdirən hökumətin və qurumun özünün belə bir ədəbi-siyasi məramı olsa və onun müstəqilliyi mütləq olsaydı, onda bəlkə nəyəsə yarayardı. Ancaq bu şəraitdə və bu reallıqda, əminəm ki, hətta mən özüm sədr olsam belə, yenə heç nə dəyişməz.

Ona görə də qoy elə Anar hocamız və bu qurum öz muzey statusundaca qalmaqda davam etsin. Onsuz da onların ədəbiyyata bir isti-soyuğu yoxdur. İndi hərə bir üsulla büdcəni yaralayır, bu da olsun onlardan biri...

Etimad Başkeçid:

- Mən, bəzi dostlarımız kimi, Anar getsə də, qalsa da heç nəyin dəyişməyəcəyini iddia edəcək qədər fatalist deyiləm. Hörmətli Anar müəllimi də əvəzolunmaz sədr saymıram. Ona görə ki, əvəzolunmaz olmaq üçün daim dəyişilməli, yenilənməlisən. Anar müəllim isə belə şeylərin başını çoxdan buraxıb. Aşağıdan-yuxarıya hər kəsə aydındır ki, Yazıçılar Birliyi bu qırımıyla özündəşeyə çevrilib, cəmiyyətin həyatında heç bir funksional rol oynamır. Yəni nə dosta xeyri var, nə düşmənə. Belə olan halda, hansı alternativsizikdən dəm vurur dostlarımız, bunu bilmirəm. Alternativdən çox alternativ var, gözünü yummaqla deyil.

Aqşin Evrən:

- 14 yaşında imperiyanın təməllərini atan (Şah İsmayıl), 33 yaşında Respublika quran (Rəsulzadə), 22 yaşında Şərqdə ilk operanı ərsəyə gətirən (Üzeyir Hacıbəyov) bir toplumun AYB kimi kiçik bir quruma rəhbər tapa "bilməməsi" Azərbaycanda mütləq monarxiyanın insanların şüuruna hansı dərinlikdə yeridilməsinin əyani sübutdur. 90-cı illərdə lider "çatışmazlığı"ndan əziyyət çəkmiş bir xalqın bəzi nümayəndələrinin Anarı sədr kimi itirməyə qorxması, əslində, başadüşüləndir. Çünki onlar rəhbər itkisinə mənəvi itki kimi yox, maddi itki kimi baxırlar.

Fransa kimi güclü bir ölkəni gənc və çəlimsiz Makron idarə edir. AYB nədir ki, onu başqası idarə edə bilməsin?

Çox uzağa getməyək, elə AYB-nin içində bu quruma sədrlik edəcək adamlar var. Bu qurumda olmayanlardan da sədrliyə layiq insanlar var. Konkret ad çəkmək istəmirəm, amma sədrlik postu üçün bir neçə namizədim var.

Yəqin ki, xalq yazıçısı Anar növbəti dəfə sədr olub artıq. Sədr olub - tamam, amma heç kim "Anara alternativ yoxdur" deyib şou göstərməsin. Camaat çörəyi qulağına yemir. Hər şeyi adı ilə çağırmaq lazımdır.

İlqar Rəsul:

- Düzü, məni nəinki AYB, peşəmə birbaşa dəxli olan Mətbuat Şurası da heç vaxt maraqlandırmayıb. Ona görə də mən belə şeylərdən uzağam. Sədr əvvəl kim idi, indi kim olacaq kimi məsələlərin mənə heç bir isti-soyuğu yoxdu.

Ümumiyyətlə, bu cür qurumlar var, yoxdu, mənə maraqlı deyil. Nə hansısa jurnalist birliyinin üzvü olmuşam, nə də AYB-nin.

Amma AYB -də çalışanlara da sayğı ilə yanaşıram. Hamısı bu məmləkətin yaradıcı övladlarıdı. Kimi seçərlər, ona da uğurlar!


Rasim Qaraca:

- Azərbaycan Yazıçılar Birliyi ətrafında debatlar yenidən qızışıb. Sədr kim olacaq sualı gündəmdədir. Mənim düşüncəm: Anar, artıq istəsə də bu postda qala bilməyəcək, çünki onu himayə edən Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırılıb.

Bu qurumda demokratik seçikilərdən söhbət gedə bilməz, yuxarıdan kimi təyin etsələr, o da sədr olacaq. Kimin sədr olacağından asılı olmayaraq, ədəbiyyat idarəçiliyində bir dəyişiklik olacağını sanmıram, çünki siyasi hakimiyyətə simasız yazıçılar lazımdır, bu qurum isə əsasən simasızlardan ibarətdir. Simasızlar dəyişiklik etmək istəməz, çünki bu zaman əsl üzləri ortaya çıxar, yəni olmayan üzləri...

Şərif Ağ:

- 80 yaşlı AYB-yə 80 yaşlı Anardan yaxşı namizəd yoxdur. Qoşa qarısınlar.

Qurban Yaquboğlu:

- Əsərlərində həmişə zamanla əlləşən dəyərli nasir Anar çoxdan bu vəzifədən getməliydi. Sanki nəsə baş verib və qalıb. Mənim başqa şərhim yoxdu.

Qan Turalı:

- Əlbəttə ki, Anarla olmayacaq. 82 yaşlı insandan nə gözləyə bilərik axı?.. Ancaq biz hər dəfə prosesi Anar üzərindən müzakirə edirik. Halbuki ölkəmizdəki islahat havası bəlkə də ilk növbədə ədəbiyyatın özünə dəyməlidir.

Çifayda...

Ramiz müəllim də getdi, Anar qalır... Bu faciə deyil, faciə brejnevçilik idarə üsulunun qalmasıdır. Bütün planlar yerinə yetirilib, ədəbiyyat isə geriyə gedir.

Dövlətin ədəbiyyata dəstəyi var. Lakin bu dəstəyin ədəbiyyatın inkişafına təkan verməsi üçün səmərəli mexanizmlər həyata keçirilməlidir. Bununla bağlı ayrıca danışmaq olar. Eləcə də ölkədə mütaliə mədəniyyətinin artırılması üçün xüsusi dövlət proqramına ehtiyac var. İnsanlar kitabdan öyrənirlər, kitab biliyin əsas vasitəsi kimi qalmaqdadır.

Anar deyirlər. Desinlər. Amma şəxsləri yox proqramları, layihələri, ideyaları müzakirə etməliyik. Nə qədər ki, bu məsələlərin müzakirəsi və həlli yolunda konkret addımlar atılmır, biz elə Anarı anacağıq.

Artıq ədəbiyyat məhv olur, o cariliyin fırtınaları qarşısında sınıq-salxaq bir gəmidir. Ədəbiyyatı qorumaq gərəkdir.


Cəlil Cavanşir:

- Mən, ümumiyyətlə, AYB-nin bir təşkilat kimi ləğv edilməsinin, müstəqil yaradıcı birliklərin təşkil edilməsinin tərəfdarıyam. AYB başdan-ayağa korrupsiyaya bulaşmış, dövlətin ayırdığı vəsaiti havaya sovuran lazımsız bir qurumdur. Şübhəsiz ki, bütün mənfi işlərin başında Anar dayanır.

Anara alternativ İlqar Fəhmi ola bilər. Həm gənc, həm çalışqan, həm də vicdanlı qələm adamıdır. Səlim Babullaoğlu da bu vəzifəyə layiqli insandır. Beynəlxalq nüfuzu və peşəkarlığı, üstəlik ədalətli və vicdanlı mövqeyinə güvənmək olar.

Faiq Balabəyli:

- AYB sədinin vəzifəsi Müdafi Nazirliyi, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN, Kənd Təssərrüfatı Nazirliyi, yaxud digər spesifik bir qrum deyil ki, alternativi olmasın. Sadəcə, Anar müəllimi ona görə saxlamaq olar ki, üz-göz öyrəşib. Sədrin kim olması yazıçının, şairin əsərlərinə necə təsir edə bilər? Yaxşı yazıçı yaxşı əsərini sədr Anar müəllim oldu, olmadı, yazacaq. Ədəbiyyatımıza bu, qalacaq. Gedib başlarını aşağı salıb əsərlərini yazmırlar, vəzifə davası edirlər. Əgər mübahisə edənlər, AYB sədri olub da obyektiv işləyəcəklərini iddia edirlərsə, mən inanmıram. Çünki onların da öz "kruq"ları var və sözssüz ki, bu "kruq"u ətraflarına toplayacaqlar. Əllərində qotur bir saytı olanlar belə orda əsasən özlərini təbliğ edir və heç də ədəbiyyat naminə fədəkarlıq etmirlər.

O ki qaldı Anar müəllim olmasa, kimi sədr görərdim, mənim iki namizədim var. Sabir Rüstəmxanlı və özüm. Azərbaycan ədəbiyyatında bu iki nəfərdən obyektiv və həqiqətin yanında olan adam tanımıram.

Kənan Hacı:

- Sözsüz ki, AYB sədrliyinə kifayət qədər layiqli namizədlər var. Mən müəyyən adlar da çəkə bilərəm. Amma buna ehtiyac yoxdur. İndiki halda mən Anar müəllimin sədr seçilməsini istəyərdim.

Əgər Anar müəllim özü yenidən seçilmək istəməsə, yazıçılar öz seçimini edə bilər. Düşünürəm ki, qurultayda da səsvermə çoxluğu ilə Anar seçiləcək.


Emin Piri:

- Qarşıda AYB-nin qurultayının olduğunu söyləmək hələ dəqiq deyil. Ona qalsa, bu qurultay qarşıda yox, arxada olmalı idi. Yəni 2019-cu ildə. 2020-ci ildə isə qurultay pandemiya səbəbindən təxirə salındı. Növbəti illərdə isə hansısa pandemiyaların olacağı və qurultayın bu səbəbdən təxirə salınacağı məlum deyil.

O ki qaldı sədrin kim olmasına, AYB özü dövlət olmadığından sadəcə, dövlət sisteminə daxil olan şəbəkələrdən biridir. Ona görə də sədrin kim olması ümumi anlamda dəyişiklik yaratmayacaq. Sədrin dəyişməsi yalnız fərdlərə münasibətdə rol dəyişikliyi ola bilər.

Əvəzedilməz insan yoxdur, yeri doldurulacaq insan da yoxdur. Anarı ən çox devirmək istəyən ona daha çox yaltaqlıq edənlərdir. Məncə, bu həqiqəti özü də bilir. AYB-nin bütün redaktorları, bütün katibləri, sədri və 1-ci katibi kişidir. Onlardan ən azı bir neçəsini növbəti qurultayda qadınlarla əvəz etmək lazımdır. Belə olduqda kişi cinsinə məxsus gənc şair və yazıçılara maddi və sair baxımdan dəstək artar.

Sədrlik isə nə bizim, nə də AYB üzvlərinin istəyi ilə həll olunan məsələ deyil. Kimi istəyəcəklərsə, o da olacaq. Amma millilikdən uzaq, ayağı nəinki torpaq, heç asfalt üzü görməyən villadan Cipə minən, intellektual qlamurkaların sədr olmağındansa, Anar və onun kimilərin bundan sonra da AYB-də qalması daha yaxşıdır.


Mirmehdi Ağaoğlu:

- Mən ümumiyyətlə, alternativi olmamaq fikrini anlaya bilmirəm. Lap tutalım, Anar sabah öldü? Ondan başqa heç kəsi AYB sədri postuna layiq bilməyənlər dizlərinə döyüb neyləyəcəklər? Onun üçün bu cür söhbətlər mənə həmişə anlaşılmaz gəlir. Hər kəsin alternativi həmişə var. Sadəcə mənə elə gəlir ki, AYB öz funksionallığını itirib.
Tesla maşınları dövründə Henri Fordın yaratdığı ilk maşınların yaşıdı olan bir qurumu yalnız muzeyə vermək olar, eksponat kimi. Fikrimcə, AYB və digər ictimai təşkilatlara dövlətin birbaşa dəstəyi kəsilməli, dövlət-mədəniyyət qurumları münasibətləri yeni prinsiplər üzərində qurulmalıdır. Daha doğrusu, dövlətin bu tip təşkilatlara birbaşa dəstəyi dayandırılmalıdır. Yenə də deyirəm, Fikrət Qoca ilə yaşıd bir qurum 21-ci əsrin 20-ci ilində yalnız muzeydə funksional ola bilər, başqa heç bir yerdə.


Qismət Rüstəmov:

- AYB çoxdandır mənim üçün maraqlı deyil.