Bir universitet xatirəsi - Vilayət Quliyev yazır

Bir universitet xatirəsi -  Vilayət Quliyev yazır
50 il əvvəl universitetin filologiya fakültəsinin tələbəsi kimi təhsilə başlayanda müəllimlərin əksəriyyəti o vaxta qədər haqqında çox eşitdiyim tanınmış insanlar idi.

Amma qəribədir ki, tələbəliyin ilk günlərindən yadımda o məşhurlardan daha çox praktiki rus dili məşğələlərini aparan Rauza Usmanovna Məmmədbəyli qalıb.

Əslən Kazan tatarı olan Rauza Usmanovna tarixçi Şamil Məmmədbəylinin xanımı idi. Nədənsə ciddi geyimi və eynəyi il mənə həmişə şəkillərdə gördüyüm N.K.Krupskayanın daha cavan və gözəl variantını xatırladırdı.

İlk dərsə indi adını unutduğum başqa bir müəllimlə gəlmişdi. Məşğələlərə başlamaq üçün “güclü” və “zəif” qrupları müəyyən edəcəkdilər. Güclü qrupun dərslərini Rauza xanım özü aparacaqdı.

Təbii ki, qısa sorğu-sualdan sonra “şəhər uşaqları” güclü, “kənd uşaqları” zəif qrupa düşdülər. “Zəiflərin” işi asan idi. Az qala əlifbadan başlayacaqdılar. Mən də coğrafi prinsipə görə o qrupa düşəcəyimi gözləyirdim. Ancaq nədənsə Rauza xanım vurğulara bələdliyimi öyrənmək üçün yarım səhifə mətn oxudandan, bir-iki sadə sözün tərcüməsini soruşandan sonra adımı güclülər sırasına yazdı. Rus dilində bülbül kimi ötən şəhərli qızların yanında biabır olacağımı göz önünə gətirib etiraz etmək fikrinə düşdüm. Sözləri güclə yan-yana düzərək:

-Я...я русский язык совсем не знаю, - dedim.
-Не знаешь, выучишь! - Rauza Usmanovna etiraz qəbul etməyən səslə müzakirənin bitdiyini bildirdi. Və adımı öz qrupuna yazdı.

Bizə rus dilini sevdirməyə yox, öyrətməyə çalışırdı. Bir dəfə dərsə hazırlıqsız gəldiyimdə qarayanızlığıma, daha doğrusu, qaralığıma işarə ilə zarafatyana dediyi və birinci özünün güldüyü məşhur sözlər indi də yadımdadır: “Ей-богу, тебе крупно повезло! Не белеешь, не краснеешь вообще…"

Amma təbii ki, mən bunu diskriminasiya sayıb incimədim.