Bu layihə iqtisadi əlaqələrin inkişafına təkan verəcək - Dursun Akdemir

Bu layihə iqtisadi əlaqələrin inkişafına təkan verəcək -  Dursun Akdemir
Bu layihə region ölkələrinin iqtisadi əlaqələrinin inkişafına təkan verəcək.

Bu sözləri Respekt.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisində XXII çağırış İqdır millət vəkili olan Dursun Akdemir Türkiyə ilə Azərbaycan arasında çəkiləcək dəmir yolu xətti ilə bağlı düşüncələrini dilə gətirərkən deyib.

Dursun Akdemir bildirib ki, o, hələ millət vəkili olanda -2005- ci ildə iki ölkə arasında dəmir yolu xəttinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumlarına təmsil etdiyi xalq adından müraciət edib və bu təklif o dövrdə olduqca müsbət qarşılanıb.
Sabiq millət vəkilinin sözlərinə görə, iki ölkə arasında həyata keçiriləcək bu layihə şanlı Azərbaycan ordusunun 10 noyabr tarixində qazandığı zəfərdən sonra təkrar gündəmə gəlib və bütün regionun iqtisadi əlaqələrinin inkişafında müstəsna xidmətlərə malik olacaq:

"O günlərdə əlbəttə ki, bu layihə Türkiyə dövləti tərəfindən çox böyük təqdirlə qarşılanmışdı. Çox sevinirəm ki, həmin layihənin həyata keçirilməsi məhz bu günlərə nəsib imiş. Təbii ki, bu zəfər Azərbaycan Prezidenti İlham Əliyevin sərgilədiyi qətiyyət sayəsində qazanıldı. Bu gün Azərbaycan və Türkiyə əldə olunan bu zəfər sayəsində yeni perspektivlərə qovuşublar, sabah bu regionda, bir zamanlar mənim millət vəkili olduğum Azərbaycanla sərhəd bölgəmiz olan İqdırımızda da möhtəşəm layihələr həyata keçiriləcək. İqdırı Naxçıvanla birləşdirəcək dəmir yolu lahiyəsi də həmin görüləcək böyük işlərdən biridir. Sonda İqdırlılarımın, heç vaxt unutmadığım, sevgi ilə xatırladığım seçicilərimin kiçik bir xahişini də media vasitəsi ilə aidiyyatı qurumlara çatdırmaq istərdim. Seçicilərim məndən çəkiləcək dəmir yolu xətti üzərində Aralıq və Tuzluca rayonlarında da dayanacaq stansiyalarının olmasını xahiş ediblər. Düşünürəm ki, bu stansiyalar olarsa, həmin rayonlardakı əhalimiz yeni açılacaq xətdən rahatlıqla istifadə edə biləcəklər. Bu, eyni zamanda həmin rayonların iqtisadi inkişafına da öz müsbət təsirini göstərəcək. Azərbaycan və Türkiyə arasında gələcəkdə daha qlobal layihələrin həyata keçirilməsi və hər iki ölkənin regionun lider dövləti olaraq fəaliyyətlərini davam etdirməsi ən böyük arzumuzdur".