Hikmət Hacıyev: Beynəlxalq təşkilatların hesabat hazırlamasını istəyirik

 Hikmət Hacıyev: Beynəlxalq təşkilatların hesabat hazırlamasını istəyirik
“Ermənistan bütün dini abidələri, həmçinin məscidləri yerlə yeksan edib. Nəinki məscidləri, həmçinin kilsələri, rus ortodoksal kilsəsini...Ancaq mən fəxrlə deyə bilərəm ki, ölkəmizdə bütün dini abidələr – məscidlər, kilsələr, sinaqoqlar yan-yana fəaliyyət göstərir. Biz tam qətiyyətlə yenidənqurma və bərpa işləri aparacağıq”.

Respekt.az xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz Azərbaycanın tərəfdaşı olduğu ölkələrin, beynəlxalq təşkilatları rekonstruksiya işlərinə dəvət edir, onları bu prosesdə görmək istəyirik. Həmçinin beynəlxalq təşkilatların, xüsusən YUNESKO və digərlərinin faktaraşdırma prosesində iştirakını, onların əraziyə səfər etmələrini və hesabat hazırlamalarını istəyirik. Onların ermənilərin bu mədəni, dini abidələri necə dağıntılara məruz qoyduqlarını sənədləşdirmələrini istəyirik.

Otuz ilə yaxındır ki, beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edirdik ki, bununla bağlı faktaraşdırma missiyaları göndərsinlər. Lakin bu heç vaxt baş tutmayıb”, - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.