Köhnə hərəkatçının pozuq ana dilimizdəki arqumentləri... - Qurban Yaquboğlu

Köhnə hərəkatçının pozuq ana dilimizdəki arqumentləri... -  Qurban Yaquboğlu
Müsəlman Şərqinin 3 aparıcı millətindən olan türklər tarixən dil məsələsində ərəbə, farsa uduzdular. Ayrı-ayrı imperiyaların tərkibinə qatılanda yol verilmiş dil aşınmaları bir yana, fütuhatlara imza atmış hakim xalq olan Osmanlı türkləri də sonda, imperiyadan sonra dil islahatları keçirmək məcburiyyətini qəbul eləməli oldular. Rusiyanın tərkibinə sığışdırılan türk qövmləri hazırda faktiki dillərini təhvil vermiş durumdadılar. Cənubdakı qardaşlarımızın ana dilində bir məktəbi də yoxdu.

Son zamanlar adına şərti olaraq azərbaycanlılar deyilən böyük (həm də sayca) bir xalqın şimal dövlətində rus dilli məktəblərin müdafiəsinə qalxan və cəmiyyətin ən müxtəlif əqidə, peşə, sənət seqmentini təmsil edənlərin canfəşanlığını görəndə çaşırsan: bizim irsi dil xəstəliyimiz yoxdu ki?!

Bu yaxınlarda internet TV-lərin birində "rus məktəbləri"nin qalmasını əsaslandıran köhnə bir hərəkatçının pozuq ana dilimizdəki arqumentlərinə qulaq asa-asa onun öz dəlil-sübutlarına güc qatmaq üçün zarafata keçidlərini yəqin çoxları böyük faciə kimi izlədilər. Bu, metaforik bir səhnəydi... Ciddi mövzumuzu niyə lağ-lağıya çevirirsiz? Yəqin gülməliyik.

Mütəxəssislərin məhdud dairəsinin öyrənməli olduğu xarici dillə kütləvi şəkildə öyrədilən siyasi dilin fərqini bilmirikmi?

Mərhum nəhəng (həm də boy-buxunca) hüquqşünas İsaxan Aşurov tapşırıq icra edən adamın üstünə yeriyib gur-gur guruldayarmış: "Nökər!.."

Bu, qarşısındakını aşağılamaqla maneəni aradan qaldırmaq cəhdi deyil, bunu söyüş kimi qəbul eləsək, yenə düz çıxmayacaq, bu, təfəkkür mərkəzinə - insan varlığının ən zərif, məsul və vacib orqanına işarədi.