Mandarin yeyə-yeyə düşündüyüm Pol Oster romanı (esse) - Orxan Həsəni

 Mandarin yeyə-yeyə düşündüyüm Pol Oster romanı (esse) -  Orxan Həsəni

Aytaca


Liverpul Univerisitetindəki araşdırmalardan biri diqqətimi çəkdi. Araşdırma beş-altı nəfər üzərində aparılan təcrübədən ibarət idi. Təcrübə nə təcrübə!? Əvvəl bir neçə klassika seçirlər. Məsələn, Dostoyevski, Şekspir, Balzak. Verirlər adamlara. Deyirlər sizlik bir iş yoxdu, siz kitabınızı oxuyun. Beş-altı nəfər də deyilənləri necə var, eləcə yerinə yetirirlər. Bu zaman alimlər xüsusi aparatlarla oxucuların beynlərindəki dəyişiklikləri izləyirlər. Nəticədə roman oxuyarkən beynin sağ yarımkürəsində müdhiş bir enerji dalğalanması görünür. Beynimizin bu hissəsində eyni zamanda fərdi xatirələrimiz yer alır.

Bu esse ölüm və yaddaş arasındakı sonsuz münasibətin üzərindən yeyin addımlarla keçir. Əlbəttə, tək deyil. Yolçu yoldaşla gərək. Ol səbəbdən Pol Osterin çox sevdiyim “Yalnızlığın kəşfi” romanı köməyimizdə durur.

“Yalnızlığın kəşfi” Pol Osterin ilk romanlarından biridir. 1982-ci ildə çap olunub. Qısa zamanda gözə düşən çöp kimi Amerika sənət cameəsinin dinciliyinə soğan doğrayıb. Roman haqqında esselər yazılıb, müsahibələr alınıb və bu məlum əməllər yetişməkdə olan müəllifin şöhrətinə şöhrət qatıb.

Roman iki hissədən ibarətdir. Birinci “Görünməyən adamın porteti” adlanır, ikinci hissə isə “Xatirə kitabı”. Pol Osterin bu məqamacan azı dörd-beş təməl romanını oxumuşam. Bəzən elə müəlliflərlə qarşılaşıram ki, bircə hekayə də oxusam, həqiqət parlayır. Potensialı görüb ya dayanıram, ya da “arxamca” deyib gecəmi-gündüzümü bu yazıçının arxasınca çapıram. Pol Oster izlədiyim, kitablarını axtardığım, söhbətlərdə qollarımı ölçə-ölçə danışdığım tək-tük yazıçılardan biridir. Ona görə yox ki, Pol Osterin toxunduğu mövzülar damağımda tam qoyub. Xeyr! Qətiyyən belə deyil! Ona görə ki, Pol Oster intellekti və atmosferi ilə məni həmişə təəccübləndirib. Atmosfer yarada bilmə bacarığı romançı üçün əsas komponentdir. Mən bunu keyidici iynəyə bənzədirəm. Nazik bir təmas.

“Yalnızlığın kəşfi” müəllifin ilk romanlarından biri olmağına baxmayaraq, yazıçı üçün ənənəvi mövzuları əhatə edir. Yazıçıların kitabları ilə böyüdüyünə inanan birisiyəm. Konkret problemlər konkret kitablarla aşılır və nəhayətində zəhmətin, taleyin, istedadın və reklam lövhələrinin sınağından diri çıxıb uğuru qucaqlayırsan.

“Yazı”, “oxu”, “yaddaş”, “təsadüf” kimi kilid sözlər Pol Oster üçün ənənəvi mövzuların mənbəyidir və yoldaşımız olan romanda da bu kilid sözlər ilə az qarşılaşmadıq. Müəllif “4321”dəki kimi bu romanda da xatırlayırdı. Hər iki romanın ailəvi münasibətlərə hərs olunmağı kritiki analogiyaya məcbur etdi. Düzdür, “Yalnızlığın kəşfi” intellektual baxımdan “4321”lə müqayisə avara qalardı. Çox gücənsən, deyərdin ki, balaca qardaşıdır. Ancaq “nəyin haradan gəlməsi məsələsi” lap əvvəldən qanımın qaşıqda qaynaması kimi cırnadıb məni. Gicitkən olub ətimə dəyib və “hardan gəlirik, hara gedirik?” fəlsəfəsinə yenik dümüşəm. “4321”də romana qurban gedib dəyişən real hadisələrin bir çoxuna “Yalnızlığın kəşfi”ndə fərqli formada şahid oldum. Auster, təxmin edirəm, hərbiçi olan əmisi oğlu haqqında danışır. Cavan oğlan “4321”də müharibədə vəfat etmişdi, ancaq sözügedən romanda onu capcanlı görüb təəccübləndim.

Roman oxumaq yaddaşımızda sərhədsiz bir oyun meydançası yaradır. Bu meydançada həm romanın reallığından qopub gələn adamlar, məkanlar, əşyalar, həm də fərdi yaddaşımızdan boy verən adamlar, məkanlar, əşyalar mövcuddur. İngilis alimlərinin araşdırmalarının nəhayətində də bu məsələ dayanırdı. Romanlar bizim birbaşa “mən”imizə təsir edir. Reallıqlar qarışır. Başqa həyatları yaşayırmışıq hissi ruhumuzu büsbütün çuğlayır. Bəzən romanın reallığı ilə həyatın reallığı toqquşur. Madam Bovarilər, Anna Kareninalar, Don Kixotlar belə ortaya çıxır.

Romanını mütaliəmdən keçirdikdən sonra yaddaşımda eyni qarşıdurma yaşandı. Düzdür, məntni əjdaha qanadlarının arasına alan reallıq tamam başqa reallıq idi. Yəni, Amerika hara, Azərbaycan hara? Bir də dəyər fərqləri. Birinci hissədə həyatının sonunu tənha yaşayıb vəfat edən bir atadan bəhs olunur. O tərs bir yəhudidir. Həyat yoldaşından ayrılıb. Övladları ilə gec-gec görüşür. Təmtəkdir. Amerika və Azərbaycan reallığı ilə müqayisədə roman janrının hüdudsuz gücü sərhədləri çəkib atdı, gözəl və qüssəli şeylərə sevindim. Gözəl şeylərə ona görə sevindim ki, onlar gözəl şeylər idi. Qüssəli şeylərə ona görə sevindim ki, gözəl yazılmışdı. Hər adam qüssəli şeyləri gözəl yaza bilmir. Ona görə əksər romanlarda nəql olunan qüssəli şeylərə yalnız qüssələnirdik.

Roman atanın ölümü ilə başlayır.

Ölüm naməlum bir məkanı təmsil etdiyindən və yaşayan heç kim məlum məkanda mövcud olmadığından onunla qarşılaşdığımız anda məna verməyə başlayırıq. Din və sairə bu mənalandırmanın masterklasslarıdır. Pol Osterin təəccübü isə... yaxşısı budur, özünüz oxuyun:

“Uzun bir xəstlikdən sonra gələn ölümü qəbul edə bilərik. Qəza nəticəsində baş verən ölümlər də deyək ki, taledir. Ancaq insanın görünən, duyulan heç bir səbəb olmadan, ancaq insan olduğu üçün ölməyi bizi həyat və ölüm arasındakı görünməz sərhədə o qədər yaxınlaşdırır ki, hansı tərəfdə olduğumuzu tuta bilmirik. Həyat ölmə çevrilir. Sanki ölüm lap əvvəldən həyata sahib imiş. Oyanmadan ölmək. Bu mənada: Həyat bitir. Həyat hər an bitə bilər”.

Məsələ aydındır. Ölüm haqqında düşünmədikcə ölüm mövcud olmur. Təxmin edirəm, 2018-ci ilin Oktyabr ayı idi. Kanallardan birinə dəvət almışdım. Redaktor xanım saqqızını marçıldada-marçıdada zəng edib demişdi ki, dördüncü gün ölüm mövzusundakı verlişə dəvətliyəm. Deyilən vaxtda kanalın həyətində oldum. Xanım həyətdə siqaret çəkirdi. Məni görçək əlini yelləyib salam verdi və hiss elədim ki, siqaret çəkməliyəm. Verlişin başlamasına yarım saat qalmışdı. Söhbətlər mənasız olacaqdı. Darıxacaqdım. Üstəlik içəridə siqaret çəkmək üçün imkan olmayacaqdı.

O, nəsə danışırdı. Deyəsən, gecə başına gələn hadisələr idi. Nəsə, biədəb söhbətlər. Siqaret çəkərkən belə saqqızı marçıldadırdı. Mən elə düşünürdüm ki, o bu saqqızı heç vaxt ağzından çıxarmır. Hələ də anlaya bilmirəm ki, niyə saqqızı bu cür çeynəyən adamlar üçün beynimizdə sağı-solu bəlli, aydın bir model yaranıb. Bu cür tiplər məndə həmişə narhatlıq doğurub.

Dostları içəri keçdi. Mənimsə siqaretim yarısında tüstülənirdi.

– De, görüm ölümdən sonra həyat var? – o yenə saqqızını marçıldatdı və məndən siqaret istədi. Siqareti göstərəndə sifətini narazılıqla oynatdı. Qadınlar, əksərən, qalın siqaretləri sevmirlər.
– Gecədən sonra gündüz var. Birdən sonra iki. Bu yolun o tərəfi var və s.
– Yox. Belə olmadı – O, siqareti barmağında oynatdı və ağzına apardı, ancaq tüstü götürmədi. Mən isə bu zaman barmağındakı üzüyü gördüm. Üzük heç nə ifadə eləmirdi – demək hər şeyin bir sonrası varsa, ölümün də sonrası var deyirsən. Hə, həm də demək istəyirsən ki, “sonra” başqa bir dünyadır. Belə deyirsən? – Onun sözlərində özümə qarşı heç bir təhdid hiss etmirdim.
– Dünya var, yoxdur bilmirəm, sadəcə deyirəm ki, gecədən sonra gündüz var, birdən sonra iki və bu yolun o üzü. Sən nəyi başa düşürsənsə, özün bilərsən – mən gülümsədim. Buna qələbə demək olardı. Cavab aydın və qəti alınmışdı. Üstəlik ətrafda heç kim yoxdu. Heç kim çoxbilmişlik edə bilməzdi.
– Klişelərdən çıx. Bu uzun, tarixi bir müzakirədir. Sənin fikrin isə artıq deyilib. Düzü səndən başqa bir fikir gözləyirdim – o təəssüfləndi. Bu dəfə siqaretindən dərin bir qüllab aldı. Tüstünü bir neçə saniyə ağzında saxlayıb buraxdı.
– Başqalarının gözləntiləri ilə yaşayım deyirsən?
–Başqalarının düşüncələrini təkrarlamaqdansa, elə bu yaxşıdır. “Başqaları, başqaları” mənim bu sözdən zəhləm gedir. Gəl, buna başqaları deməyək. Sırf bu mövzuda. Məsələn. Deyək ki, tətikləyici qüvvə. Bu qüvvənin nəyi pisdi? – bir anlıq özümü təklənmiş hiss etdim. Üstünlüyün onun əlin çəkməsindən narahat deyildim. Saqqızını elə dərin marçıldadırdı ki, elə bil, səliqəsiz bir adam yemək yeyirdi. Özümü onun ağzındakı saqqıza çevirə bilməzdim. Köməyimə misallar çatacaqdı.
– Bizdə tətikləyici qüvvə olmur. Uzaq başı “tırka” olur – yanağında tez yaranıb tez də itən ani bir təbəssüm peyda oldu – Bir də mən inanmıram ki, Dostoyevskini yetişdirən “tırka” olub. “Böyük İnkivizator”u xatırlayırsan? Bunu heç bir tətikləyici qüvvə ortaya çıxarmayıb. O, sadəcə mövcud idi.
– Belinskinin onu “tırkaladığına” inanmırsan?
– Dostoyevski Belinskini tanımazdan öncə də yazıçı idi.
– Bu binanın yaranmasında memarın rolu necə olubsa, Dostoyevskinin yaranmasında da Belinskinin elə – o üzük taxılı barmağını kölgəsində söhbətləşdiyimiz binaya uzatdı və əsəblə yellədi. Yellənən barmağında binanın silkələndiyini düşündüm.
– Dostoyevskinin yaranmasında yeganə rol onun ata-anasının olub. Həyatımıza çox adam gəlir və gedir. Onlardan öyrənirik, sonra öyrəndiklərimizi unuduruq və müxtəlif zamanlarda qısa-qısa bəzi şeyləri xatırlayırıq. Xarakteri belə şeylər rəndələyir. Dostoyevskiyə Sibirdə tanıdığı adamlar yazıçı kimi daha çox təsir eləmişdi. Məsələni çox şişirirsən. Belinski Dostoyevskini yaratmış olsaydı, onda Belinksi də yazıçı olardı. Ən azından ortabab.
– Bu axmaq müqayisə oldu... – mən onun sözünü kəsdim.
– Deyəcəksən ki, Belinski yazıçı yox, tənqidçi idi?
– Tutaq ki, elə bunu dedim.
– Bütün yazıçıların tənqidçilərdən zəhləsi gedir. Yazıçılıq sadəcə nəzəriyyə olsaydı, onda ədəbiyyat proferssorları ən böyük yazıçı olardı. Yazıçı Kolomiyanın kasıb məhəllərindən çıxan Markezdi və Sibirdə, yəni həyatın dibində ömür sürən Dostoyevski. Mən ölümdən sonra həyatın var olduğunu bilmirəm. Çünki, onu görməmişəm. Bu arada barmağınakı üzük diqqətimi çəkdi. Nə gözəldi? – mənim fikrim anidən dağıldı və tamamlaya bilməyəcəyim cümləyə başlamayıb söhbəti dəyişdim. O isə nəfəsini dərdi. İndi saqqızını asta-asta çeynəyirdi.
– Anamdan yadıgardır. Keçən il vəfat edib. – ikimiz də susduq və birdən hiss elədik ki, siqaretimiz bitib. İçəri keçdik.

Həmin verlişdə doğru-düzgün danışa bilmədim. Düzü, danışacaq nəsə yoxdu. Aparıcının bütün suallarına “bilmirəm” cavabını verdim. Axşamı evə qayıdanda metroda redakor xanımı gördüm. Barmağındakı üzük parlayırdı. Yaxın bir dostunun evində parti təşkil ediblərmiş. Məni də dəvət etdi. Çox adam olmayacaqmış. Gəlsəm sevinərmiş. İstəsəm, başqa dostumu da dəvət edərmişəm. Təşəkkür etdim və evə tələsdiyimi dedim. Üstün çox vurmadı. “28 May”da düşəsiydim. Bir stansiya qalmışdı. Yavaşca əyilib qulağına pıçıldadım: Saqqızın var? O gülümsədi və çantasından iki “Dirol” dənəsi çıxarıb ovcuma qoydu.

O zamanlar Pol Osterdən xəbərim vardı. Ölümdən isə sən deyən yox.

Ölümdən xəbəri olmaq o demək deyil ki, kimsə sənin yanında yıxılıb ölür və sən onu son nəfəsini verdiyi yerdə görürsən. Ölümü tragikləşdirən ölümün baş verməsi deyil. Bu adi və sadə qaydalardan biridir. Məsələ, ölən insanın kimliyi, bizim mənəvi aləmimizdə oynadığı rolla əlaqəlidir. Pol Oster yazır:

“Atamın ölüm xəbərini üç həftə əvvəl aldım”.

Hər hansı adamın ölüm xəbəri ilə konkret “ata”nın ölüm xəbəri arasında fərq çoxdur. Oxucu “Atamın ölüm xəbərini üç həftə öncə aldım” cümləsini oxuduği zaman düşünür: “Onun atası öldü. Nə vaxtsa mənim də atam öləcək”. Və ya "Atası öldü. İndi ona çətindir. Bir vaxt mənim üçün də elə idi".

Pol Osterin janrları qarışdırmasını maraqla izlədim. “Qaranlıqdakı adam” romanında qəfil “Velosiped oğruları” filmindən esse danışılanda tər içində qalmışdım. Ona görə yox ki, həyəcanlanmışdım, əziz oxucu. Əksərən belə şeylərdən həyəcana düşmürəm. Sadəcə hava çox isti idi və 2018-ci ilin dəhşətli yayında pəncərəsiz bir evdə yaşayırdım. Öyrədici yazıçılar deyirdilər, təxmin etməzdim ki, terminin belə bir forması ilə qarşılaşaram. Ancaq bu janr alış-verişini oturmayan pazl parçası kimi görmürəm. Hər şey romanın axınında təbiidir.

Məsələn, “Xatirə kitabı” hissəsində İncilin Yunus peyğəmbər ilə bağlı əhvalatını şərh edir müəllif. Nəhayətində Yunus peyğambəri ən tənha peyğəmbər adlandırır. Bu hissə tənhalıq dumanı ilə örtüyü olan romanın ümumi ab-havasına uyğunluq təşkil etməklə bərabər, romana intellektual bir rəng qatır və mətnlərarası körpü yaradaraq gərilmiş əjdaha qanadları arasındakı məsafəni uzadır.

“Xatirə kitabı” hissəsi tənha bir adamın həyatından bəhs edir. Birinci hissə birinci şəxsin dilindən danışılmağına baxmayaraq, ikinci hissədə təhkiyəçi dəyişir və söz üçüncü şəxsin ağzına keçir. Təhkiyənin birdən əl (dil deməliydim!) dəyişməsini müəllif bu cür izah edir:

“O tənhalığın qaranlığına girərkən “mən” sözü hekayədən çıxır. Buna görə özündən özgə kimi bəhs edilir. Rimbaundun dediyi kimi, “Mən özgədir”.

Şəxsi xatirələrimizlə birləşən romanın detalları yaddaşımıza daşa yazılan kimi yazılır. Bu vaxt analogiya qaçılmaz olur. Mətnin hekayəsi və həyatın reallığı fantaziyalar ilə qovuşur. Uşaq vaxtı sürdüyün atın bədənindəki təri xatırladığın kimi tutaq ki, Osterin ölmüş atasının evinə gedib əşyaları qarışdırdığı anı eyni intuisiya ilə ələyirsən yaddaşında. Pol Osteri sevməyimin əsas səbəblərindən biri də məhz bu atmosferi yarada bilməsidir. Həmişə başqa həyatlar yaşamaq istəyən bir adam üçün, əziz oxucu, bu, bənzərsiz bir tapıntıdır.