Moskva görüşü İrəvanda gərginliyi artırdı

 Moskva görüşü İrəvanda gərginliyi artırdı
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bu gün Moskvada baş tutacaq görüş İrəvanda siyasi gərginliyi yenidən artırıb. Ermənistan müxalifəti hətta Paşinyanın Moskvaya uçmasını əngəlləmək üçün Zvartnots hava limanına gedən yolu bağlayıb.

Erməni KİV-in məlumatına görə, müxalifət tərəfdarları Paşinyanın Moskvaya uçmasını əngəlləmək üçün hava limanının yaxınlığında etiraz aksiyası keçiriblər. Etirazçılar polisdən onlara hava limanına yürüş etməyə izn verməsini tələb ediblər.

Bununla belə, Paşinyan hava limanına gedib.

Hətta Paşinyanın yolunu bağlamağa çalışan erməni müxalifəti “sürprizlə” də qarşılaşıb. Belə ki, Nikol Paşinyanın tərəfdarı olan qadın yolu bağlamağa cəhd göstərən azsaylı müxalifət nümayəndələrinə baş nazirin heç bir günahı olmadığını, Qarabağın “Paşinyana qədər” satıldığını bildirib.

Paşinyanı müdafiə edən və dayanmadan qışqıran qadın müxalifət nümayəndələrini təhqir edib.

Erməni müxalifəti Paşinyan artıq Moskvaya getdiyi üçün aksiyanı başa çatdırıb.

Millətçi "Daşnaksütyun" partiyasının təmsilçisi Gerasim Vardanyan bildirib ki, əgər Paşinyan Moskvada Ermənistanın maraqlarına zidd olan razılaşma imzalasa, onun İrəvana qayıda bilməməsi üçün nəinki küçələr, Ermənistan səması da bağlanacaq.

"Daşnaksütyun" partiyası həmçinin Moskva görüşü ilə bağlı bəyanat da yayıb. Bəyanatda bildirilir ki, Paşinyanın iştirakı ilə qəbul olunan istənilən qərar və ya razılaşma etibarsız hesab olunacaq.