NoWar: adam yerinə qoyulmayanların özünütəsdiqi - Qan Turalı yazır

NoWar: adam yerinə qoyulmayanların özünütəsdiqi -  Qan Turalı yazır
Bir nəfər Fransa prezidenti Şarl de Qolla məktub yazaraq onun Sartrın həbs olunması əmrinə "Fransa Volterləri həbs etmir" dərkənarını qoyub-qoymadığı ilə maraqlanır. De Qoll belə bir hadisənin olduğunu təsdiqləyir. Söhbət Fransada Əlcəzairə müstəqillik tələb edən qüvvələrin aksiyasından gedirdi. Aksiyalarda Sartr mübarizənin önündə idi. Sonralar isə Sartr Əlcəzairin müstəqilliyi haqda mühüm bəyanata qol çəkdiyinə görə Nobel mükafatına layiq görülsə, mükafatı məmnuniyyətlə qəbul edəcəyini qeyd etmişdi. (Sartr Nobel mükafatından imtina etmişdi) Bu heç...

De Qolla yazılan həmin məktubda müəllif Sartrın hər zaman antideqollçu olduğunu vurğulayır. De Qollu da ən çox narahat edən həmin məqamdır. De Qoll isə bu ittihama cavab olaraq yazır ki, mən general kimi Almaniyaya qarşı Fransa müqavimət hərəkatının rəhbəri olanda Sartr məni hər zaman dəstəkləyirdi.

Yəni, ideoloji baxımdan daim fərqli, hətta antoqonist mövqedə dursalar belə (De Qoll mərkəz sağ, Sartr isə radikal sol) Sartr Müqavimət hərəkatının alovlu müdafiəçisi idi. Başqa necə ola bilərdi ki?

Bəli, Əlcəzair Fransa müstəmləkəsi idi və Sartr ona azadlıq tələb edəndə söz yox ki, ifrat sağlar tərəfindən "vətən xaini" elan edilmişdir. Lakin Fransanın gələcəyi və taleyi alman faşizmi tərəfindən mübahisə mövzusuna çevriləndə Sartr bir saniyə belə tərəddüd etməmişdi.

Düşmənlər daim xalqları birləşdirir, onlar arasındakı siyasi baxışları, regional münasibətləri, etnik fərqləri bir kənara qoyur. Bu gün Azərbaycan xalqı da tarixi günlər yaşayır. Və belə bir işıqlı mənəvi mühitdə əlbəttə ki, psixoloji problemlər məngənəsində olan, fərqli olmağa can atan və bunun üçün də hamının dediyinin əksinə getməyi yeganə yol hesab edən, "Müharibə pisdir ", "NoWar" kimi sərsəm bəyanatlar verən insanlar da əlbəttə ki, olacaqdır.

İnsanın xislətidir və Sartrın həmyerlisi Lakanın da dediyi kimi, insan daim başqaları tərəfindən təsdiqlənməyə can atan varlıqdır. Onlar da belə bir dövrdə heç bir əxlaqa, hüquqa, dövrün tələblərinə və dünyanın siyasi mənzərəsinə uyğun gəlməyən sözləri deməklə özlərini təsdiqlətmək arzusundadırlar. Axı həyatın boyunca sənin fikirlərinə əhəmiyyət verilməmişdir, sənə gözəgörünməz adam kimi yaşamısan. Səbəb sənin adam yerinə qoyulmamağındır. Bu adamların faciəsi də budur. Və şəxsi faciəni tibbin köməyi ilə dəf etmək əvəzinə onun ağrısını ictimai şüurdan çıxmağa çalışırlar və bu əməl onların xəstəliyini ağırlaşdıracaqdır.

Sartr isə "Yer kürəsinin vicdanı" idi və 40 ildir aramızda olmasa belə, o öz irsi və bioqrafiyası ilə bu ali vəzifəni daim icra edəcəkdir.