Onlarla əsgər və zabiti həyata qaytaran həkim - Video

Onlarla əsgər və zabiti həyata qaytaran həkim -  Video
Vətən müharibəsində zəfərin qazanılmasında igid döyüşçülərimiz qədər onların yanında olan həkimlərin də böyük payı var.

Döyüş meydanında yaralılara ilkin tibbi yardımın göstərilməsi, onların təhlükəsiz yerlərə təxliyəsi hərbi həkimlərin əsas missiyasıdır.

Cəlilabadın Bədirli kəndindən olan həkim İbrahim Quluyev də 44 günlük Vətən müharibəsində onlarla yaralının həyatını xilas edib.

O, cəbhəyə yollanarkən yalnız ailə üzvləri onun gedişindən xəbərdar olub. İndi isə onlarla insan əllərində üçrəngli bayraq qəhrəman həkimin doğma elinə gəlişini səbirsizliklə gözləyir.

İ.Quluyev cəbhədən-cəbhəyə adlayaraq yarlı əsgər və zabitlərin sağlamlığının qeydinə qalıb.

O, ehtiyatda olan baş leytenant kimi Ordu sıralarına çağırıldığı gündən cəbhənin Füzuli-Cəbrayıl istiqamətlərində ön xətdə yaralılara ilkin tibbi yardım göstərib və onların qruplaşdırılmasını həyata keçirib.

O deyir ki, müharibə qanunlarına görə, hərbi əməliyyatlar vaxtı tibbi avtomobillərin atəşə tutulması qadağan olunsa da, düşmən döyüş meydanındakı məğlubiyyətinin əvəzini bəzən tibbi avtomobillərdən çıxmağa çalışırdı. Amma buna baxmayaraq, vahid komandanlığın və mütəşəkkil koordinasiyanın olması ordumuzun bu kimi çətinlikləri asanlıqla adlamasına imkan verib.

Həkim İ.Quluyev deyir ki, yaralılarla döyüş meydanında təmasda olarkən Azərbaycan əsgərinin cəsarətinin, döyüş əzminin, məğlubedilməzliyinin şahidi olub.

Qeyd edək ki, həkim İbrahim Quluyev Vətən müharibəsindəki xidmətlərinə görə “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.