Rus dilinin ayağı zəncirli kölələri – Gülnar Əhməd

Rus dilinin ayağı zəncirli kölələri –  Gülnar Əhməd
İllər əvvəl Türkiyədə, adətən əcnəbi tələbələrin gəldiyi bir kafedə oturmuşdum. Həmsöhbətim azərbaycanlı xanım tələbələrdən biri idi. Fikri ətrafdakılarda olan masa yoldaşım, birdən mənə tərəf əyildi və asta səslə, “gəl rusca danışaq” dedi. “Nəyə görə”? Yandakı masaya işarə edib, “onlar (İran azərbaycanlıları) bizim yanımızda çox vaxt öz aralarında farsca danışırlar” dedi.


Hay daa... yəni, sizin, dilində danışmağa “siyah” ağanız varsa, bizim də dilində danışmağa “bəyaz” ağamız var. Yaxud siz mədəniyyətsizlər, mədəni farsların dilində danışırsınızsa, biz mədəniyyətsizlər də mədəni rusların dilində danışırıq. Və yaxud, biz heçik, biz heçliyə məhkumuq...

Ağlamamışdım, amma ağlamalı mənzərə idi.

Situasiya, yadıma Manaf Süleymanovun “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” kitabından bir epizodu saldı. Süleymanov yazırdı ki, keçən əsrin əvvəlində bizim neftxudaların arvadları saçyolduya çıxanda aralarındakı üstünlüyü müəyyən etmək üçün bir-birinə deyərmişlər, “mənim ərimin matişkəsi sənin ərininkindən gözəldir”.

Açması? Mən (biz) ləyaqətsizlikdə səndən (sizdən) üstünəm (üstünük).Gələk 100 ildir dilimizə çıxmış “çiban”a. Niyə biz bir əsirdir bu çibanı quruda bilmirik? Rus dilində təhsil almaq, danışmaq bizə lazımdırmı? Lazımdırsa, niyə lazımdır?

Əvvəla, gəlin məsələyə praqmatik yanaşaq. Rus dilində təhsil almağın prespektivlərinə baxaq. Rast ki, öz dilimizin “ikinci sinif dil” olduğunu düşünürük, deməli “ali dil” bizə, bizim dilin vermədiyi nəyisə verir.
Son on beş ildə Rusiyada təhsil alıb Azərbaycanda fəaliyyət göstərən peşəkar həkim, mühəndis, rejissor, ya hansı sənət adamlarından kimimiz var? Şəxsən mən, Azərbaycana qeyri-adi töhvə vermiş belə birisini tanımıram. Tibbdə demək olar ki, Türkiyə sistemi, Rusiya sistemini meydandan tamamilə sıxışdırıb, hələ Koreya sisteminin də tibbimizə ayaq açdığını nəzərə alsaq, bu qənaətə gələ bilərik ki, yaxın gələcəkdə rus tibb sisteminin Azərbaycan erası başa çatacaq.

Hazırda rus bölmələrinin vacibliyi üçün ən çox səsləndirilən arqumentlərdən biri rus bölmələrindəki təhsilin səviyyəsinin yüksək olmasıdır.

Gəlin 2015-ci il üçün Azərbaycan və rus bölmələri üzrə bəzi fakultələrin minimal keçid ballarına müqayisəli şəkildə göz ataq. Bakı Dövlət Universitetinin "Fizika müəllimliyi" ixtisasına Azərbaycan bölməsində qəbul olan ən minimal bal 425 olduğu halda, rus bölməsində bu 202 baldır. Həmin universitetin "Riyaziyyat müəllimliyi"nə Azərbaycan bölməsində 507 bal, rus bölməsində isə 202 bal, "Tarix müəllimliyi"nə 546 bal, rus bölməsində 288 bal, "Coğrafiya müəllimi" ixtisasına 440 bal, rus bölməsində 200 baldır. 2015-ci ildə tələbə adını qazanan bu gənclərimiz, artıq məktəblərimizdə müəllimdir. 200-300 arası bal toplayanlar, rus bölmələrində, 400-550 arası bal toplayanlar Azərbaycan bölmələrində.

Göründüyü kimi, artıq universitetlərimiz, 90-cı illərin sonunda “hər necə olsa əlinə diplom verək” məntiqi ilə 2000 dollara Gəncə Pedoqoji Universitetinə ikinci turdan “düzələn” 100-150 ballıq məzunlar istehsal etmir. Yaxud 2000-ci illərin əvvəlindəki kimi Gürcüstan universitetlərində adı gedib, özü auditoruya üzü görməyən “müəllim”lərimiz üçün satılan diplomlar, kütləvi şəkildə ölkəyə idxal olunmur.

Artıq, məktəblərimizə 400-550 arası bal yığmış, güclü bilik sınağından çıxmış, özünə güvənən müəllim ordusu gəlir. Cəmiyyətdə özünə yer tapa bilməyən, cehiz üçün “müəllim diplom”u tədarük edəən “mətbəx+müəllim” sintezi keyfiyyətsizlik, keçən on ildən əvvəlki tarixində qalır.

Bundan əlavə, Rusiya universitetlərində yüksək təhsil görənlər də artıq ingilis dilli ədəbiyyata müraciət edir. Onlar qəbul edirlər ki, dünyada elmə qapı açan dil, ingilis dilidir. Bütün əsas elmi ədəbiyatların orijinalı ingiliscədir və onlar ingilis dilini bilməlidirlər. Biz isə hələ də sağ qulağımızı sol əlimizlə qaşımağa çalışırıq.
Gələk son bir ayda ən çox üzərində durulan məsələyə. Sosial şəbəkələrdəki virtual müharibə məsələsinə. Bu arealda savaş, əsasən iki dildə gedir. İngilis və rus dillərində. İngilis dillilər bütün dünya ilə, rus dillilər isə hər şeyi həmişədən bilən ruslarla savaşır. Birincilər öz hesablarına öyrənib bu dili, ikincilər dövlət büdcəsinin hesabına maliyyləşən rus məktəblərinin. Nəzərə alaq ki, ingilisdilli auditoriyanın heç də hamısı bu məsələdə rusalar qədər tərəf tutmur və o qədər böyük coğrafiyanı əhatə edir ki, məlumatsız olanı məlumatlısından çoxdur. Üstəlik, dünya xəritəsinin o yeri yoxdur ki, oradakı intellektuallar azdan-çoxdan ingiliscə qırıldatmasın. Demək birincilərin üstünə daha çox iş düşür. Bundan başqa bütün dünya, bilmədiyi məlumatı ingiliscə öyrənə biləcəyini bilir. Rusdillilərin işi də özünə görə çətindir və bir qədər də mənasızdır. Çünki onların auditoruiysı problemi bilir, problemdə daha çox tərəf kimi çıxış edir, ermənilər deyəni deyir, ona görə də onlara yeni nəsə deməyə ehtiyac yoxdur. Rusiyanın adından danışan bir-iki nəfəri susdurmağa isə yüz nəfər rusdilli intelektual azərbaycanlı hər zaman yetişəcək. Bunun üçün ölkədə yüzlərlə rus məktəbi saxlamağa ehtiyac yoxdur. Bizə daha çox Rusiyanın məsələyə siyasi müstəvidəki münasibətində dəyişikliyə nail olmaq lazımdır ki, bunun üçün də bizim on milyonumuz rus dilində danışsaq da, hətta biz rusuq desək də, heç nə dəyişəsi deyil. Bu problemin açarı başqa cibdədir.

Bəs rus vətəndaşı olan şəhidlərimiz necə olsun? Onlardan necə keçək? Rus dilinin Azərbaycandakı “vəkil”ləri bu məsələdən də özlərinə pay çıxır. Məsələn, rus məktəblərinin vacibliyini qüvvədə saxlamaq üçün rus mənşəli şəhidlərimizin mövcudluğu, problemin bünövrəsinə daş olaraq qoyulmağa çalışırlar. Rus yox, ərəb əsilli bir Azərbaycan vətəndaşı da Qarabağda şəhid olsa, o bizim şəhidimizdir. Şəhidlər üçün dövlətin bütün imtiyazları, şəhidlərin milliyətindən, dinindən, dilindən asılı olmayarq hamısı üçün qüvvədədir və biz Azərbaycan xalqı olaraq, onları həmişə hörmətlə yad edəcəyik, necə ki həmişə etmişik. Bu aspektdə, etnik çoxluq, etnik azlıq fərq eləmir, hamı vətənini qoruyur, dövlət də şəhidinin xatirəsini.

Təsəvvür edin, beş nəfər Azərbaycan əsilli hansısa ölkə vətəndaşı, həmin ölkənin apardığı hansısa müharibədə həlak olub və biz tələb edirik ki, siz bizim dildə məktəb açın. Belə bir fədakarlıq qarşısında, ölkənin gələcəyini məhv edən dil siyasətinin xeyrinə güzəşt ummaq hansı məntiqə sığar?
Bəs rus dilində danışmaq kimə lazımdır?

Bu gün rus dilinin Azərbaycanda sağ qalmasına canfəşanlıq edən nəsil, əsasən, 45 yaşdan yuxarı nəsildir. Sovetlər dövründə rusca təhsil almış, elmin, mədəniyyətin dilini ancaq rus dili kimi qəbul eləmiş, rus dili üzərində öz məhdud “elita”sını qurmuş adamlardır bunlar. Bu nəslin nümayəndələri ciddi-cəhdlə davmçılarının olmasını istəyir, bunun üçün əllərindən gələni edir və buna qismən nail olurlar. Rus dilini öz “klub”larına daxil olmaq üçün bir növ “dress kod” olaraq istifadə edirlər. Təbii olaraq, daha çox İQ-sü ilə idarə olunan insanlar, vəziyyəti düzgün təhlil edə bilmirlər. Rus dilində təhsil alanın, Azərbaycan cəmiyyətində özünə daha rahat elit çevrə tapacağı ümidi ilə kütləvi şəkildə rus məktəblərinə üz tuturlar. Lakin anlamırlar ki, hazırda dünyanın hər tərəfində təhsil alan gənclərimiz, internet üzərindən istənilən bilgiləri əldə edən azərbaycandilli insanlarımız “rusdilli elita” ilə aralarındakı elitarlığın sərhədlərini çoxdan əridiblər. İstənilən bilginin, informasiyanın, elektron tərcümə proqramlarının, virtual dilöyrənmə vasitələrinin hamı üçün əlçatan olduğu dövrdə rus dilinin bizim üçün əsas elm və mədəniyyət dili oldğundan söhbət gedə bilməz. Rus dilində məktəblər ancaq, rusdillilərin “azdilli çuşka”lar dediyi kəsim üzərində öz üstünlüyünü süni şəkildə saxlaması üçün lazımdır.

Dərinə getsək, “azdilli çuşka” orusunun yaranmasının əsas səbəbkarları, yenə birincilərdir.
SSRİ dövründə azərbaycanlıların dil siyasətindəki əsas problemlərindən birincisi, dünya fəlsəfəsinin, psixologiyasının, sosiologiyasının, elminin və ədəbiyyatının əsas kitablarının Azərbaycan dilinə tərcümə olunmaması idi. Bu işlərə məsul olan şəxslər də əlbəttə ki, rusdillilər idi. 2000 il yaşı olan Platonun Dövlət əsəri, hətta SSRİ-nin ateizm ideologiyasının söykəndiyi Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı belə 70 il ərzində dilimizə çevrilməmiş qaldı. Rusdilli intellektuallar niyə özləri oxuduqları kitabların azərbaycandillilər üçün də əlçatan olması üçün can atmadı? Bəlkə elə özləri ilə ikinci sinif kimi baxdıqları azərbaycandillilər arasındakı məsafənin yaxınlaşmaması üçün? Ki, sualın cavabı bu gün də dəyişmir.

Bu “elita”, Platonun Mağara metaforasındakı zəncirlənmiş insanlar kimidir. Ayaqlarını rus dili ilə zəncirləyib, həqiqətə arxa çevirmiş vəziyyətdədirlər. “Onlar”dan olmaq üçün uşaqlarını rus məktəbinə yazıran kütlənin varlığına (öz kölgələrinə) baxıb hələ ki əylənməkdə davam edirlər.

Fəqət, yüksək göstəricilərlə universitetlərə qəbul olunmuş azərbaycandilli müəllim ordusu, xarici ölkələrdə təhsil almış yüksək intellektli, yaradıcılığa meyilli gənclərimiz yaxın illərdə rus dilinin mağarasına zəncirlənmiş “elita”nın başını həqiqi işığın qaynağına tərəf çevirəcək, mütləq çevirəcək!

Kölgələr, özünütəsdiq üçün, “ağa”sının yox, atasının dilində danışacaq.