Suriya nizamlaması: Soçi görüşü nə ilə yadda qaldı?

Suriya nizamlaması:  Soçi görüşü nə ilə yadda qaldı?
Pandemiya ilə əlaqədar bir ildən artıqdır Suriya ilə bağlı Astana formatında danışıqlar dayandırılmışdı. Nəhayət, məcburi pauzadan sonra bu danışıqlar bərpa olundu. Belə ki, fevralın 16-17-də Soçidə Suriya üzrə Astana formatında 15-ci beynəlxalq görüş keçirildi. Bəs, bu danışıqlar nə ilə yadda qaldı?

Qeyd edək ki, Rusiya, Türkiyə və İranın vasitəçiiyi ilə Astana formatında rəsmi Dəməşq və Suriya müxalifətinin təmsilçiləri arasında danışıqların 15-ci raundu başlamazdan öncə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev "Biz "Astana prosesinin" işinə deylil, Suriyada münaqişənin nizamlanmasına müəyyən yeni imuls vermək istəyirik" demişdi.

Onu da qeyd edək ki, danışıqlarda bir müddətdir Livan, İraq və İordaniya müşahidəçi qismində iştirak edirlər. Həmçinin Soçidə iki gün davam edən danışıqlarda BMT və Qırmızı Xaç təmsilçiləri də iştirak ediblər.

Rusiya ənənəvi olaraq, hər dəfə ABŞ-ı bu danışıqlarda iştirak etməyə dəvət etsə də, 2018-ci ilin ortalarından etibarən Vaşinqton müzakirələrə qatılmır. Bu məqama toxunan Aleksandr Lavrentev "Yəqin ki, ABŞ-ın yeni administrasiyası hələlik başqa işlərlə məşğuldur və Suriya istiqaməti ilə bağlı qərara gəlməyib" deyib.

Lakin Moskvanın Suriya məsələsi ilə bağlı ABŞ-a irad və sualları yalnız bundan ibarət deyil. Moskva ilk növbədə Dəməşqə qarşı sanksiyalardan narazıdır. Çünki bu sanksiyalar Suriyanın bərpasına mane olur. Moskvanı narazı salan digər məsələ Amerika şirkətlərinin Suriyanın şərqindəki neft mənbələrini istismar etməsidir. ABŞ-la dialoqun olmadığı indiki şəraitdə Rusiya yalnız Vaşinqtonun hərəkətlərini tənqid edə bilər. Suriyada vəziyyət isə Lavrentevin sözlərinə görə, "çox həyəcanlıdır".

"ABŞ hələ də susur. Bu o deməkdir ki, Suriya istiqamətində hələ qərar verməyiblər. Bu, nə qədər vaxt aparacaq, bilmirəm: üç, dörd həftə? Artıq fevral ayının ortalarıdır. Yanvarın 20-də Baydenin andiçmə mərasimi oldu. Yəni demək olar ki, bir ay keçdi, amma hələ də Vaşinqtondan heç bir siqnal yoxdur. Bizimlə işləməyə hazır olduqlarına dair siqnallar var, lakin hələ konkret təkliflər gəlməyib" - deyə Lavrentev Soçi danışıqlarından sonra TASS agentliyinə bildirib.

Digər tərəfdən, Ankara və Moskva arasında Suriyanın şimal-şərqində, kürd dəstələri və Suriya silahlı müxalifətinin təmas zonasında situasiya ilə bağlı razılaşma imzalanmasından bir il keçib. Həmçinin İdlibdə sabitliklə bağlı iki ölkə arasında bir ildən artıqdır ki razılaşma əldə edilib. Ancaq hər iki sənədlə bağlı tərəflərin bir-birinə iradları var.

Moskva üçün əsas məsələlərdən biri Suriya müxalifəti ilə terrorçu qruplaşmaların ayırd edilməsidir. Moskva İdlibdə terrorçu hesab etdiyi qüvvələrin məhv edilməsinin tərəfdarıdır. Türkiyə isə bu məsələyə fərqli yanaşır və hələlik iki ölkənin siyasi və hərbi dairələri arasındakı danışıqlarda İdliblə bağlı ortaq məxrəcə gəlinməyib. Hazırda Moskva situasiyanın gərgin olduğunu, İŞİD-in "yatmış qrupları"nın aktivləşdiyinin müşahidə olunduğunu iddia edir.

Lakin Suriya müxalifəti Soçiyə cəbhələrdəki situasiya deyil, siyasi nizamlama, BMT-nin missiyası altında Konstitusiya Komitəsini işi ilə əlaqədar gəlmişdi. Yanvarın axırlarında Cenevrədə Komitənin redaksiya qrupunun işi ilə əlaqədar müzakirələrin beşinci raundu təşkil olundu. Ancaq tərəflər hələ konstitusiyanın mətninin müzakirəsinə başlamayıblar. Müxalifət bu istiqamətdə danışıqların pozulmasını istəmədiyini bəyan edib. Rəsmi Dəməşq isə danışıqlar başa çatmayana qədər bu barədə şərh verməmək barədə mövqeyinə sadiqdir.

Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev Cenevrə danışıqlarını dəstəkləyəcəklərini bildirib. BMT-nin baş katibinin xüsusi nümayəndəsi Qeyr Pedersen isə Soçi danışıqlarından sonra Rusiya XİN başçısı Lavrovla görüşüb, sonra isə Dəməşqdə müzakirələr aparacaq. Cenevrə prosesinin davamı bu danışıqlardan sonra bəlli olacaq.

Hər halda hesab etmək olar ki, siyası böhranın pik həddi arxada qalıb. Soçi görüşü göstərdi ki, Moskva öz mövqeyndən - Suriyanın suverenliyi, ərazi bütövlüyünün qorunması, suriyalıların öz ölkələrinin gələcəyini müəyyən etməsində bu ölkəyə dəstəyni davam etdirir. Həm Ankara, həm də Moskva ərəb resplikasında sosial-iqtisadi infrastrukturun bərpası və qaçqınların oraya qaytması, həmçinin terrorizmlə mübarizəyə dəstəyi davam etdirməkdə qərarlıdırlar. Hər halda etiraf etmək lazımdır ki, Suriyada situasiyanın stabilləşməsində bu iki ölkə vacib rol oynadılar və onların bu məsələdə əməkdаşlığı dаvam edir.