“Türk xalqlarına zorla boyun əydirmək olmaz”

 “Türk xalqlarına zorla boyun əydirmək olmaz”
"Diplomatiya dilini mükəmməl bilən cənab Prezident İlham Əliyevin Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan dövlətinin və millətinin mövqeyini açıq, birmənalı və konkret olaraq çatdırması hamının ürəyindəndir. Belə mövqe bütün dünyaya, dövlətlərə və beynəlxalq təşkilatlara yönəlmişdi. Hamı bilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bu gün Azərbaycan ərazilərinin bir hissəsi işğal altında qalmaqda davam edir, Minsk qrupunun həmsədrləri heç bir iş görümürlər, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra edilmir, təcavüzkar isə öz bildiyini edir. Bəzi dövlətlər, o cümlədən Yunanıstan və Cənubi Kipr təcavüzkar Ermənistanla əlaqələrini genişləndirir, bəzi ölkələr isə işğalçını silahlandırırlar. Bu, beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərin ayaq altına atılmasından başqa bir şey deyildir. Digər dövlətlər bu məsələdə səslərini çıxarmırlar. Sanki deyirlər ki, mənə toxunmayan ilan qoy, yüz il yaşasın".

Respekt.az xəbər veirr ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat bildirib ki, digər tərəfdən, son illərdə Türkiyə əleyhinə çirkin kampaniya aparılır: "Söz Türkiyədən düşəndə haqq-ədalət və beynəlxalq hüquq prinsipləri riyakarcasına “unudulur”. Türkiyənin Aralıq dənizindəki fəaliyyəti bütün beynəlxalq hüquq normalarından doğan prinsiplərə tamamilə uyğundur, Türkiyə Cümhuriyyəti dövləti və türk milləti bu məsələdə haqlıdır. Elə isə Türkiyəyə qarşı aparılan siyasətin məqsədi və adı nədir? Hər şey məncə, aydındır: ikili standartlar, ədalətsizlik və Türkiyənin güc mərkəzinə çevrilməsinin qarşısının alınması.

Cənab Prezidentin dövlətimizin və millətimizin Türkiyənin və türk millətinin yanında olmasını birmənalı olaraq elan etməsi həm qardaşlığımız, tarixi-mədəni, milli köklərimizlə bağlıdır, həm beynəlxalq hüququn, ədalətin yanında dayanmaq deməkdir, həm də məsələni anlamayanaları başa salmaqdır. Ədalətdən danışıb onu ayaqlar altına atanlar anlayacaqlarmı? Bunu zaman göstərəcək.Amma çətin ki. Onlar bir şeyi bilməldirlər ki, Türkiyə və Azərbaycan bu məsələlərdə haqlıdır. Türk xalqlarına zorla boyun əydirmək olmaz”.