Türkiyə həm sizindir, həm bizim - Nəriman Qasımoğlu

Türkiyə həm sizindir, həm bizim -  Nəriman Qasımoğlu
“Bir millət – iki dövlət” ifadəsinə aid məzmunu ilk dəfə sürəkli alqışar altında yüksək tribunadan car çəkən bilsəniz kim olub? Və bu necə, nə zaman baş verib? Harada?

Ötən əsrin 70-ci illərinin ortaları olardı. Türkiyə müğənnisi Müşərrəf Tezcan (sonralar Müşərrəf Akay) Bakıda anşlaqla keçən qastrol konsertində idi. İndiki Heydər Əliyev, o zamankı Respublika sarayında keçirilən son konsertinə çətinliklə bilet tapıb ailəlikcə getmişdik.

Hər ifasından sonra gül dəstələrinə qərq edilən Müşərrəf xanım da, Türkiyə sevdalısı seyrçilər də çox duyğulu görünürdülər. Gülləri ona verənlər əsasən gənclər idi. Bundan ötrü səhnəyə qalxanlar arasında valideynlərinin tapşırığını canfəşanlıqla yerinə yetirən və bunu özlərinə əyləncə bilən azyaşlı uşaqlar da az deyildi.

Müşərrəf xanımı sevdirən bir də əlində mikrofon ara-sıra tamaşaçılarla həvəslə ünsiyyətə girməsi, gözəl natiqliyi, bəlli bir intellekt sərgiləməsi, səhnədə sərbəst davranışları, ümumiyyətlə, bizimkilər üçün aşkar fərqli ampluada olması idi. Bir sözlə, sənətçi xanım konsert auditoriyası ilə məhrəm bir əlaqə yaratmağa tam nail olmuşdu.

Konsertin bir məqamında oxuduğu şarkıdan sonra sevənlərini yenə səhnədəcə qarşılayıb bağrına basır. Bir uşaq yaxınlaşır ona. Gül dəstəsini uzadır. Diqqətcil, həssas xanım duyur bu uşağın ona nə isə deyəcəyi var. Dərhal mikrofonu uzadır uşağın dillənən dodaqlarına sarı. Uşaq:

- Türkiyə həm sizindir, həm bizim, - deyir.

Və sarayı alqış sədaları bürüyür. Müşərrəf xanım şövqə gəlir, onun üçün də təbii olaraq gözəl bir fürsət yaranıb ki, içindəkiləri daha aşkar biruzə versin:

- Nasıl söylədin yavrum, tekrar söylesene!

Uşaq təkrarlayır:

- Türkiyə həm sizindir, həm bizim!

Yenə alqışlar...

Özü də uşağın ardınca:

- Türkiyə həm sizindir, həm bizim, - deyir.

Seyrçi alqışlarının bu dəfəki ünvanı təkcə xanım sənətçi deyil. Görünür, bunu hiss etdiyindəndir ki, səhnədə azərbaycanlı uşaqla zaldakılar üçün ucadan səslənən ekspromt bir dialoq qurur:

- Oğlanmısın, kızmısın, yavrum?

- Qızam.

- Saçlarına ne yapmışsın, neden hiç saçların yok?

- Saçımı qırxıblar.

- Kaç yaşındasın?

- ...

- Hm... Neçe yaşın var diye soruyorum.

- Dörd yaşım var.

- Allah korusun seni nazardan. Seni şuraya gönderen annene, babana teşekkür ederim, sağ olsunlar. Hadı bir kez dahi söylermisin? Nasıl dedin? Türkiye...

- Türkiyə həm sizindir, həm bizim!

Alqışlar qopur. Müşərrəf xanım qızcığazı üzündən-gözündən öpüb bağrına basır.

Az keçmir sarayın iki qadın əməkdaşı səhnəyə hər iki tərəfdən bitişik pillələrın qarşısını ərəbzəngi kimi kəsdirir və heç kimə daha imkan vermirlər xanım sənətçi ilə ünsiyyətə girsin.

Gül dəstələrini aşağıdan yuxarıya uzatmalı olurlar, müğənni də aşağı əyilərək minnətdarlıqla gülləri götürür. Amma ona bu möhnəti yaşadan KQB – Tərlükəsizlik xidməti qarşısında borclu qalmır. Mikrofonla ucadan alt mənası hamıya aydın ifadələrini səsləndirir:

- Tüm alkışlarınızdan, güzel çiçeklerinizden, sevgilerinizden dolayı ben sizin önünüzdə eyiliyorum, onların yok. Bu nasıl bir gün, ellerimiz ellerinize ulaşmıyor.

Və bu sözlərin ardınca da hüznlü nəğmələr...